Bakıda maşının üstündən düşən çarpayı qəzaya səbəb olub: 3 yaralı

Bakıda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb.

 

Şosenin sürətin yüksək olduğu zolağı ilə hərəkətdə olan "Opel" markalı avtomobilin damındakı yataq dəsti mebeli yolun hərəkət hissəsinə aşıb. "Opel"in sürücüsü Əlipənah Əliyev yataq dəstini yoldan götürmək üçün avtomobili qəfildən saxlayıb. Arxadan yüksək sürətlə gələn "VAZ-2106" markalı maşının sürücüsü yoldakı maneəni gördükdə idarəetməni itirib və avtomobil arxadan "Opel"ə çırpılıb.

 

Qəza nəticəsində "Opel"in sürücüsü Əlipənah Əliyev, avtomobildəki sərnişin, 1965-ci il təvəllüdlü Pənah Cəfərov və "VAZ-2106"nın sürücüsü, 1989-cu il təvəllüdlü Mirzəyev Azad Mürsəl oğlu xəsarət alıblar. Onların 3-ü də 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan APA TV-yə verilən məlumata görə, "Opel"in sərnişini Pənah Cəfərov və "VAZ-2106"nın sürücüsünün Azad Mirzəyevin xəsarətləri daha ağırdır və reanimasiya şöbəsində həkim nəzarəti altındadırlar.

 

Faktla bağlı araşdırma aparılır. İlkin ehtimala görə, qəzaya "Opel"in sürücüsünün yol hərəkəti qaydalarını pozması səbəb olub.

 

Müəllif | Apa.Tv
Apa.tv