"Qəbələ" və "Qarabağ" sülh bağladı: penalti, qırmızı vərəqə, dörd qol...

Topaz Premyer Liqasında ilk turun ən prinsipial qarşılaşması ötən axşam Qəbələdə keçirilib. APA TV-nin məlumatına görə, meydan sahibi "Qəbələ" klubu Azərbaycan çempionu "Qarabağ"ı qəbul edib.

 

Azərbaycanı Avropa Liqasında təmsil edən iki klubun qarşılaşmasında dörd qol vurulub, bir penalti təyin edilib və bir qırmızı vərəqə göstərilib.

 

Qarşılaşmada hesabı "Qəbələ" açıb. 35-ci dəqiqədə Sergey Zenyov fərqlənib. İlk hissə bu hesabla başa çatıb.

 

Fasilədən sonra qarşılaşmada daha üç qol vurulub. 66-cı dəqiqədə qarşılaşmanın hakimi Əliyar Ağayev Samir Zərgərovun təhlükəli oyunundan sonra "Qəbələ"nin qapısına penalti təyin edib. Yaranmış fürsətdən Riçard Almeyda məharətlə yararlanıb - 1:1.

 

Oyunun "qırılma nöqtəsi" 74-cü dəqiqəyə təsadüf edib. Hakim Əliyar Ağayev bu dəfə "Qəbələ"nin kapitanı Rəşad Sadiqova qırmızı vərəqə göstərib. Qara Qarayevlə ikili mübarizədəki epizoddan sonra hakimin qəbul etdiyi qərar qəbələli futbolçuların etirazlarına səbəb olsa da, bu, "Qəbələ"ni güclü rəqib qarşısında 10 nəfərlə qalmaqdan xilas etməyib.

 

Rəqibi qarşısında say üstünlüyü əldə edən "Qarabağ" 83-cü dəqiqədə hesabda irəli çıxıb. Bu dəfə də Riçard Almeyda fərqlənib.

 

Amma, bu, oyunda vurulan sonuncu qol olmayıb. Daha əvvəl penaltiyə səbəb olan Samir Zərgərov 86-cı dəqiqədə "Qəbələ"nin bərabərlik qolunu vurub - 2:2.

 

Oyundan sonra "Qəbələ"nin kapitanı Rəşad Sadiqov və baş məşqçi Roman Qriqorçuk hakimin qırmızı kart qərarına münasibət bildiriblər:


"Qırmızı vərəqəlik bir şey yox idi. Qara Qarayevə dəyəndə yıxıldı. Amma qırmızı vərəqəyə özü də təəssüfləndi ki, hakimin belə epizodda qırmızı vərəqə göstərməyi ayıbdır. Doğrudan da hər qayda pozuntusuna görə qırmızı vərəqə göstərmək ayıbdır".


"Qapımıza təyin olunan penalti ilə bağlı heç bir sual yoxdur. Təmiz penalti idi. Penalti olduğunu həmin an da şübhə etmirdim, indi də şübhə etmirəm. Qırmızı vərəqəyə gəlincə, bu, hakimin səhvi idi. Bunu onun özü də izah edə bilmədi. O, yüksək səviyyəli hakimdir. Amma, oyunu, strategiyanı, bunun təsadüfən baş verdiyini nəzərə alsaq, fikrimcə, orada heç sarı vərəqəlik də vəziyyət yox idi. Bu səviyyədə hakimin belə kobud səhvə yol verməsinə çox təəccüblənirəm".

 

Roman Qriqorçuk onu da deyib ki, komandanın əsas oyunçusu Cavid Hüseynovun əsas heyətdən uzaqlaşdırılması "Qəbələ" üçün itkidir. Lakin onun fikrincə, uğur qazanmaq istəyən klub üçün əvəzsiz oyunçu olmamalıdır.

Müəllif | Apa.Tv