Bəşər Əsəd polkovniki güllələyən qardaşı oğlunu həbs etdi

Suriyanın Latakiya şəhərində ölkə prezidenti Bəşər Əsədin qardaşı oğlu Süleyman Hilal Əsəd qətl törətməkdə ittiham olunaraq həbs edilib.

 

APA TV-nin "TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə SANA agentliyi məlumat yayıb. 

 

Məlumata görə, insident avqustun 7-də şəhərin mərkəzində, hərəkətin gur vaxtında baş verib. Həsən əş-Şeyx  adlı zabit Bəşər Əsədin qardaşı oğlunun idarə etdiyi avtomaşının irəli getməsinə icazə verməyib. Buna cavab olaraq, Süleyman Hilal Əsəd polkovniki qohumlarının gözü qabağında güllələyərək qətlə yetirib. 

 

Avqustun 8-də qatilin cəzalandırılmasını tələb edən Latakiya əhalisi kütləvi etiraz aksiyaları keçirib.

 

Məlumata görə, insidentin istintaqının aparılması üçün xüsusi fövqəladə  komissiya yaradılıb. Prezident Bəşər Əsəd şəxsən  qətlə yetirilən zabitin yoldaşına qatilin cəzalandırılacağını vəd edib. 

 

Qeyd edək ki,  Süleyman Hilal Əsəd briqada generalı Hilal Əsədin oğludur. Hilal Əsəd Latakiya müdafiə qüvvələrinə komandanlıq edib. O,  2014-cü ilin martında terrorçuların ermənilərin kompakt yaşadığı Kəsab şəhərinə hücumunu dəf edərkən həlak olub.  

Müəllif | Apa.Tv
Apa.tv