Urmiyalı jurnalist “APA Holding”də olub

İranın Qərbi Azərbaycan ostanının mərkəzi Urmiyə şəhərində Azərbaycan türkcəsində nəşr olunan “Dəniz” jurnalının və eyni adlı internet resursunun rəhbəri və baş redaktoru Mustafa Quluzadə Bakıda səfərdədir.


APA TV-nin məlumatına görə, media təmsilçisi səfər çərçivəsində “APA Holding”də olub. Holdingin Direktorlar Şurasının üzvü, APA TV-nin baş direktoru Vüqar Hüseynovla keçirilən görüşdə qonağa “APA Holding”in strukturu, quruma daxil olan media resurslarının fəaliyyəti barədə geniş məlumat verilib. Mustafa Quluzadə APA İnformasiya Agentliyinin fəaliyyətini daim izlədiyini, rəhbərlik etdiyi saytda və “Dəniz” dərgisində APA-nın materiallarını mütəmadi yayımladığını deyib. Qonaq “APA Holding”ə daxil olan media qurumlarının fəaliyyətinin operativliyi və tərəfsizliyi ilə seçildiyinə diqqət çəkib. Vüqar Hüseynov qarşılıqlı səfərlərin iki ölkənin insanlarının bir-birini daha yaxından tanınmasına müsbət təsir göstərdiyini deyib. O, APA TV-nin İranın müxtəlif bölgələrindən silsilə reportajlar hazırladığını və bu materialların tamaşaçılar tərəfindən çox maraqla qarşılandığını bildirib. Görüşdən sonra qonaq APA TV-yə açıqlama verib.

 

“Bu, Bakıya 11-ci səfərimdir. Mən jurnalist, yazıçı olduğum üçün səfərlərimin hamısı mədəni əlaqələrlə bağlı olub. 2010-cu ildə Bakıda keçirilən Humanitar Forumun iştirakçısı oldum. Qayıtdıqdan sonra səfər təəssüratıma dair 5 hissəli "Bakı 10" adlı yazı yazdım. Bu səfərim də eyni məqsəd daşıyır. Media nümayəndələri ilə görüşmək, yazıçılar, şairlərlə ünsiyyətdə olmaq, mədəniyyət ocaqlarına baş çəkmək istəyirəm”.

 

Baş redaktor iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafının vacibliyini önə çəkib:

 

“Bizim mədəni əlaqələrimiz nə qədər sıx, şəffaf olsa  başqa əlaqələrimizə də müsbət təsiri olacaq, enerji verəcək. Nəticədə iqtisadi, siyasi əlaqələr də yaxşılaşacaq. Son iki ildə ölkələr arasında əlaqə möhkəmlənib. Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri zamanı İranın ali dİni lideri Ayətullah Xamneyi ilə, prezident Həsən Ruhani ilə görüşməsi, eləcə də Həsən Ruhaninin Bakıya səfəri buna nümunədir”.

 

Qonaq bildirib ki, iki ölkə arasında əlaqələrin genişlənməsində medianın böyük rolu var: “Azərbaycan jurnalistləri ilə yaxın dostluğumuz var. Hər biri İran-Azərbaycan əlaqələrinin genişlənməsinə çalışırlar. Azərbaycan jurnalistləri Təbrizə, Urmiyaya, Tehrana, bizimkilər isə Azərbaycana səfər ediblər. Səfərlərin məqsədi odur ki, əlaqələr möhkəmləndirilsin, şübhələr varsa aradan qaldırılsın, suallar varsa onlar cavablandırılsın”.

 

Xatırladaq ki, “Dəniz" dərgisi 2011-ci ildən Urmiyada çap olunur. 2013-cü ildən etibarən isə "Deniz news" saytı fəaliyyətə başlayıb. Azərbaycan və fars dillərində çap olunan bu media resurslarında İran və Azərbaycanın tarixinə, ədəbiyyatına dair məqalələr, xəbərlər, reportajlar yayımlanır.

 

Mustafa Quluzadə Azərbaycanın xəbər qaynaqlarına, APA-nın “AzərTAc”ın,  Trend və digər agentliklərin materiallarına istinad etdiklərini deyib: “Saytımız iki dildə fəaliyyət göstərir. Amma Azərbaycan dilində iki əlifba ilə yayımlanır. Materiallarımızı həm latınca, həm də əski ərəb əlifbası ilə yayımlayırıq”. 

Müəllif | Apa.Tv
Vüqar Məsimoğlu