SON DƏQİQƏ! Futbolçu Cavid Hüseynov həbs edildi

Səbayel Rayon Məhkəməsi “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində həbs qərarı çıxarıb.

 

APA TV-nin “Müsavat”a istinadən yaydığı məlumata görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə Səbayel Rayon Prokurorluğunun C.Hüseynov barəsində təqdimatına baxılıb və futbolçu 3 ay müddətinə həbs olunub.

 

C. Hüseynov Cinayət Məcəlləsinin 307.1, 307.2 -  cinayəti bilib gizlətmə maddəsi ilə ittiham elan olunub. C. Hüseynovun vəkili Adəm Məmmədov məlumatı təsdiqləyib. O bildirib ki, futbolçu barəsində həbs qərarından apelyasiya şikayəti veriləcək.   

 

Qeyd edək ki, jurnalist Rasim Əliyev Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov və daha 6 nəfər tərəfindən vəhşicəsinə döyülüb. 4 qabırğası sındırılan, qulağı zədələnən jurnalist 1 saylı Kliniki Tibii Mərkəzə aparılıb və orada dünyasını dəyişib. Olaydan sonra E.İsmayılov həbs olunub. Həbs olunan şəxs AZAL komandasının əvəzedici heyətində müdafiəçi mövqeyində oynayıb. E. İsmayılovun 21 yaşı var. O, 1994-cü il iyun ayının 21-də anadan olub. Onunla bərəbər jurnalistin döyülməsində iştirak edən şəxslərin də saxlanılması haqda məlumat var.

 

Müəllif | Apa.Tv
Apa.tv