Dəhşətli ölüm: Mingəçevirdə maşın piyadanın üstündən keçdi
Mingəçevirdə minik avtomobili 63 yaşlı piyadanın üstündən keçərək onu öldürüb.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Yevlax rayonu Tanrıqulular kənd sakini 1963-cü il təvəllüdlü Vidadi Cəfərov idarə etdiyi “Toyota Prado” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyadanı, şəhər sakini 1952-ci il təvəllüdlü Məhəbbət Qurbanovu vurub. Hadisə şahidlərinin sözlərinə görə avtomobil piyadanın üstündən keçib. Məhəbbət Qurbanov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.