Prezident İlham Əliyev Cəlilabadda səfərdə olub

Azərbaycan prezidenti İlham Əliyev avqustun 11-də Cəlilabad rayonuna səfər edib.

APA TV -nin məlumatına görə, dövlət başçısı əvvəlcə Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
 

Daha sonra dövlət başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsib.
 

 

Burada Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən muzey yaradılıb. Muzeydə dünya şöhrətli siyasi xadim Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitablar, fotolar, fəxri diplomlar və digər sənədlər sərgilənir. Fotolarda Ulu Öndərin uşaqlıq, yeniyetməlik, tələbəlik illəri, Dövlət Təhlükəsizlik Komitəsində işlədiyi dövrlər və Cəlilabada səfərləri əks olunub. Dahi şəxsiyyətin müxtəlif dövrlərdə Cəlilabad rayonuna etdiyi səfərlər zamanı çəkilən fotolar da böyük maraqla qarşılanır. Mərkəzdə, həmçinin 110 kvadratmetr sahəsi olan sərgi salonu, qrim otağı, 700 yerlik böyük və kiçik konfrans zalları, amfiteatr, yeni ailə quranlara psixoloji məsləhət, ana və uşaq, geyim, milli rəqs, mərkəzi idarəetmə otaqları var. Burada məntiqi təfəkkür kursu, şən və hazırcavablar klubu, kompyuter kursu-virtual sinif, xarici dil kursları, rəsm studiyası-heykəltəraşlıq, gimnastika və aerobika otaqları, müasir formatlı 3D kinozal, fotostudiya, nikah salonu, gənclər klubu, adi və elektron kitabxanalar, xalça və tikiş otaqları, internet kafe də fəaliyyət göstərəcək.
 

 

Sonra prezident İlham Əliyev burada istirahət edən rayon sakinləri ilə görüşüb.
 

 

Prezident İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun açılışında iştirak edib.

 

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
 

 

Prezident İlham Əliyev avqustun 11-də “Avanqard” MMC-nin Cəlilabad rayonundakı taxılçılıq təsərrüfatı ilə tanış olub.

Bildirilib ki, ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasını stimullaşdırmaq və əhalinin ərzaq təminatını yerli istehsal hesabına daha da yaxşılaşdırmaq məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Dövlət Torpaq Fondu hesabına iri fermer təsərrüfatlarının yaradılması prosesi davam etdirilir.

Azərbaycan Prezidentinə Cəlilabadın da daxil olduğu Lənkəran iqtisadi rayonu üzrə verilmiş güzəştli kreditlər barədə məlumat verilib. Qeyd olunub ki, indiyədək Lənkəran iqtisadi rayonu üzrə 2528 sahibkara 102,6 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 11 mindən çox yeni iş yeri yaradılıb. Eyni zamanda, 2250 sahibkara 19 milyon manatadək kiçik həcmli güzəştli kredit verilib və bu kreditlər hesabına 4580-ə yaxın yeni iş yeri yaradılıb. Cəlilabad rayonunda isə 530-dan çox sahibkara 21,7 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 2900-dən çox yeni iş yeri açılıb.

Sonra Prezident İlham Əliyev keçmiş dövlət kənd təsərrüfatı istehsalı müəssisəsinin bazasında 1300 hektar torpaq sahəsi üzrə müsabiqənin qalibi olmuş “Avanqard” MMC tərəfindən yaradılmış iri fermer təsərrüfatının sahələrinə baxıb.

Dövlətimizin başçısı yaradılmış imkanlardan səmərəli istifadə edilməsi ilə bağlı tapşırıqlarını verib.

Müəllif | Apa.Tv
Apa.tv