Səid ibn Maktum: “Qəbələdə Dünya Kuboku yarışlarının təşkilatçılığı yüksək səviyyədədir”

“Çox gözəl yarış keçirilir. Hər şey yaxşıdır”. APA TV-nin məlumatına görə, bu fikirləri atıcılıq üzrə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) idmançısı, şeyx Səid Bin Maktum deyib. Qəbələdə keçirilən Dünya Kuboku yarışında iştirak edən təcrübəli idmançı təşkilatçılıqdan məmnun qaldığını bildirib: “Təşkilatçılıq yüksək səviyyədədir. Yarış üçün gözəl məkan seçilib. Atıcılıq Mərkəzi də gözəldir. Bilirsiniz, biz cənnətdə yaşamırıq, məmnun qalmaq lazımdır. Qəbələdə hər şey bizi qane edir”.

 

Bir neçə Olimpiadanın iştirakçısı olmuş 39 yaşlı idmançı özünün Qəbələdəki çıxışından razı qalıb. “Çıxışımı normal dəyərləndirirəm, razı qaldım. Ümumiyyətlə, mənim elə də çox medalım yoxdur”, - deyə o vurğulayıb.    

 

Qeyd edək ki, 4 gündür ki, keçirilən atıcılıq yarışlarında indiyədək 14 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Qəbələdəki Dünya Kuboku yarışları həmin olimpiya oyunlarına 34 lisenziya verəcək. Atıcılığın 17 növ üzrə keçirilən bu yarışda 100-ə yaxın ölkədən 2 minə yaxın idmançı iştirak edir. Ölkəmizi bu mötəbər yarışlarda 27 idmançı təmsil edir.

Müəllif | Apa.Tv
Elvin Yaqubov