Zaqatalada qadın müəllimə qohumunu bıçaqlayaraq öldürdü
Zaqatalada 48 yaşlı kişi qətlə yetirilib. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA TV-nin yerli bürosuna verilən məlumata görə, rayonun 3-cü Tala kənd sakini, 1967-ci il təvəllüdlü Qazıməhəmməd Nəsrullah oğlu İbrahimovun döş qəfəsinin sol tərəfindən bıçaqlanaraq qətlə yetirilmiş meyiti xəstəxananın morquna daxil olub. Zaqatala rayon Polis Şöbəsindən də hadisənin rayonun 3-cü Tala kəndində baş verdiyi təsdiqlənib. Hüquq-mühafizə orqanlarından bildirilib ki, 48 yaşlı Qazıməhəmməd İbrahimovu onun qohumu, kənd sakini, 1984-cü il təvəllüdlü Günel Ömər qızı İsgəndərova bıçaqlayaraq öldürüb . Qətl şəxsi münasibətlər zəminində baş verib. Qətlə yetirilən Qazıməhəmməd İbrahimov bir-neçə il əvvəl həyat yoldaşından ayrılıb. Qətli törədən Günel İsgəndərova 3-cü Tala kənd orta məktəbində idman müəlliməsi işləyir. Hal-hazırda körpə uşağı olduğu üçün analıq məzuniyyətindədir. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.