Azərbaycan prezidenti bölgələrə səfər edib

Prezident İlham Əliyev sentyabrın 10-da Yevlax şəhərinə səfər edib. Dövlət başçısı əvvəlcə Yevlaxda Heydər Əliyevin abidəsini ziyarət edib. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov parkda və rayonda görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verib. 

 

APA TV xəbər verir ki, dövlət başçısı əvvəlcə şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Sonra Yevlax hava limanının açılışına, Şəhər Mərkəzi Xəstəxanasının açılışına qatılıb.

 

Hər iki obyektin təmirdən öncəki vəziyyəti və bu günki vəziyyəti barədə Azərbaycan prezidentinə ətraflı məlumat verilib.

 

Azərbaycan prezidenti bu gün  Bakı-Qazax magistralı-Səmədabad-Qaraməmmədli-Qaramanlı-Göyük avtomobil yolunun açılışında da iştirak edib.
 

Uzunluğu 25 kilometr olan yolun çəkilişinə bu ilin iyulunda başlanılıb. Xatırladaq ki, yolun tikintisinə prezident sərəncamı ilə 3 milyon manat vəsait ayrılmışdı.

 

Sonra Bərdəyə gedən prezident İlham Əliyev orada 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət yaşayış massivi ilə tanış olub.

 

Oradan Naftalana gedən prezident İlham Əliyev öncə  Heydər Əliyevin abidəsini ziyarət edib. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov abidənin yerləşdiyi Heydər Əliyev parkında, eləcə də Naftalanda aparılan abadlıq-quruculuq işləri haqda məlumat verib. Prezident Naftalanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib, ümumi sahəsi 5 hektar olan  “Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olub. Azərbaycan prezidenti Naftalan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
 

Müəllif | Apa.Tv