Qazaxıstanda azərbaycanlıları qul kimi işlədən Şəki sakini yoxa çıxıb - TƏFƏRRÜAT
Qazaxıstanda yaşayan və adı çəkilən ölkəyə həmyerlilərini işləməyə aparan azərbaycanlı qaçıb. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, o, həmyerlilərinə əvvəlcədən vəd etdiyi maaşı verməyib. İşçilər acından ölməmək üçün pasportlarını lombarda girov qoymağa məcbur olublar. Həmin şəxs Azərbaycanın Şəki şəhərindən olan Sadiq Nurullayevdir. O, həmyerlilərinə ayda milyon yarım təngə əməkhaqqı veriləcəyini bildirsə də, sonradan müxtəlif bəhanələr gətirərək sözünə əməl etməyib. Sadiq Nurullayev həmyerlilərindən yalnız birinə bilet pulu verib və həmin şəxs Azərbaycana qayıdıb. Dələduz həmyerlilərinin vədinə aldanan azərbaycanlılardan bəziləri sələmə götürdükləri pulların faizini ödəyə bilmədikləri üçün bomj vəziyyətinə düşüblər. Sadiq Nurullayevin Qazaxıstanda məhkəmə işi də olub. O, məhkəməni uduzduqdan sonra ölkə ərazisindən qaçıb. Şəki sakininin sözügedən ölkədə ayrı-ayrı şəxslərə xeyli borcunun olduğu bildirilir.