Prezident: “İqtisadiyyatımızın həcmi ilk yarımildə 6 faiz artıb”


Azərbaycan prezidenti İlham Əliyev Cəlilabad rayonuna səfəri çərçivəsində sakinlərlə görüşüb.

APA TV-nin AZTV-yə istinadən yaydığı məlumata görə, prezident İlham Əliyev son illərdə Azərbaycan həm iqtisadi, həm sosial sahədə çox böyük işlər görüldüyünü , gözəl obyektlər tikildiyini diqqətə çatdırıb.

Dövlət başçısı bu il Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edildiyini xatırladaraq, bol məhsul götürüldüyündən şad olduğunu bildirib:

“Bu il kənd təsərrüfatı 7 faizdən çox artıb. Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Buna nail olmaq üçün bütün imkanlar var - torpaqlar, texnika, dövlət tərəfindən ayrılan vəsait. Həmçinin subsidiyalar, gübrələr, yanacaq verilir. Eyni zamanda, “Aqrolizinq” xətti ilə texnika təmin edilir. Yəni, dövlət öz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Fermerlər də bu imkanlardan səmərəli şəkildə istifadə etsinlər ki, kənd təsərrüfatı daha da sürətlə inkişaf etsin”.

Dövlət başçısı Azərbaycanın öz ərzaq təhlükəsizliyini yüz faiz səviyyəsində təmin edə biləcəyinə tam əmin olduğunu vurğulayıb:

“Hesab edirəm, bu məqsədə çatmaq üçün bizə bir neçə il lazımdır. Çünki bizim düşündüyümüz siyasət, regionlara qoyulan investisiyalar, eyni zamanda, son vaxtlar aparılan islahatlar ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcək. Hesab edirəm ki, digər sahələrdə də eyni yanaşma olmalıdır, nəyi özümüz istehsal edə biliriksə istehsal etməliyik. Tikinti materialları, ərzaq məhsulları və sənayenin inkişafı da əlbəttə ki, daim diqqət mərkəzində olmalıdır”. 

Cəlilabadda qazlaşdırmanın orta hesabla təxminən 40 faiz səviyyəsində olduğunu bildirən ölkə başçısı bunun çox aşağı səviyyə olduğunu qeyd edib:

“Dövlət Neft Şirkətinə, onun qurumu olan “Azəriqaz”a tapşırıq veriləcək ki, burada qazlaşdırma işinin sürəti artırılsın. Çünki biz indi çalışırıq ki, ölkə üzrə qazlaşdırmanı 95 faizə çatdıraq və çatdıracağıq da. Şəbəkələr qurulur, Azərbaycanda qaz istehsalı artır. Biz xaricə də qaz ixrac edirik, amma ilk növbədə Azərbaycan əhalisini təmin etməliyik. 40 faiz qazlaşdırma Cəlilabad üçün çox aşağı səviyyədir və əminəm ki, mənim sözlərimdən sonra bu sahədə işlər daha da sürətlənəcək. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün gərək iqtisadiyyatımız daha da inkişaf etsin”.

Bu il Azərbaycan iqtisadiyyatının birinci yarım ildə təxminən 6 faiz artdığını bildirən prezident İlham Əliyev dünya miqyasında bunun indiki dövrdə ən yüksək göstərici olduğunu vurğulayıb:

“Qeyri-neft sektorumuz 9 faizdən çox artıb. Bu da ən yüksək göstəricidir. Baxmayaraq ki, bizim iqtisadiyyatımızın bir hissəsi neftlə, qazla bağlıdır və qiymətlər kəskin şəkildə aşağı düşüb və hələ də düşməkdə davam edir, amma biz heç bir sosial layihəni ixtisar etməmişik, əksinə sosial-iqtisadi infrastruktur layihələri icra edilir. Bugünkü layihə bunun bariz nümunəsidir. Bu layihələr bütün ölkə üzrə aparılır. Kənd yollarının tikintisi ölkə üzrə geniş vüsət alıb, çünki buna böyük ehtiyac var. Bu sosial-iqtisadi məsələdir, ilk növbədə, insanların rahatlığıdır, çünki kənd yolu olanda iş yeri də açılar, müəssisə də yaradılar, eyni zamanda, biz bir çox məsələləri də həll etmiş olarıq".
 

Müəllif | Apa.Tv
Apa.tv