Sabiq səfir Arif Məmmədov beynəlxalq axtarışa verildi
Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədov axtarışa verilib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Hesablama Palatasının 2015-ci ilin iş planına müvafiq olaraq, 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında Daimi Nümayəndəliyinin saxlanılmasına ayrılan büdcə vəsaitlərinin qanunsuz istifadəsi, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi maliyyə pozuntularına yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq, yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib və bu barədə 15 iyul 2015-ci il tarixdə ictimaiyyətə məlumat verilib.
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla həmin faktlar təsdiqlənib və toplanmış materiallar üzrə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
İlkin araşdırmalarla məlum olub ki, Arif Məmmədov şəxsi istifadə üçün avtomobil almaq məqsədi ilə diplomatik nümayəndəliklərə avtomobillərin alınması üçün tətbiq edilən 27.5%-lik güzəştdən qulluq səlahiyyətlərindən sui-istifadə edərək 11 fevral 2011-ci il tarixdə daimi nümayəndəliyin bank hesabına 43 min avro pul köçürüb və sonradan həmin vəsaiti “BMW” Strasburq şirkətinə ödəyib. Əldə etdiyi “BMW X5” markalı avtomobili rəsmi sənədlərdə saxtakarlıq edərək daimi nümayəndəlik üçün aldığını göstərməklə vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozaraq 8 min avro məbləğində vəsaiti vergidən qəsdən yayındırıb. Qısa müddətdən sonra o, həmin avtomobili kənar şəxsə satıb.
2010-cu ildə Stasburqda təşkil edilən “Novruz“ şənliyinin “Türksoy” Beynəlxalq Türk Mədəniyyət Təşkilatının maliyyə vəsaiti hesabına keçirildiyi halda, A.Məmmədov həmin tədbirin guya nümayəndəlik tərəfindən keçirilməsi adı ilə nümayəndəliyin xəzinəsindən 11600 avro məbləğində maliyyə vəsaitini silməklə mənimsəyib.
İstintaqla həmçinin müəyyən edilib ki, 4 oktyabr 2007-ci il və 19 sentyabr 2012-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin Strasburqa səfəri zamanı qəbul, ziyafət və digər məqsədlər üçün ümumilikdə 19900 avro məbləğində xərclər Milli Məclisin İşlər İdarəsi tərəfindən müvafiq qaydada ödənildiyi halda, A.Məmmədov həmin pul vəsaitini təşkil edilmiş tədbirlərin guya daimi nümayəndəlik tərəfindən həyata keçirilməsi barədə saxta sənədlər tərtib etməklə mənimsəyib.
A. Məmmədov həmçinin, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin balansında olan və dəyəri 25.300 avro təşkil edən 2 ədəd avtomobili Dövlət Əmlak Komitəsinin razılığını almadan qanunsuz olaraq 7.100 avroya rəsmiləşdirib satmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurub.
Bu və digər faktlar üzrə sabiq səfirin 2007-2012-ci illərdə 410 min 830 avro məbləğində büdcə vəsaitini təsdiqedici sənədlər olmadan xərclədiyi müəyyənləşib.
Hazırda azırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol” tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.