Çində güclü partlayış: 17 nəfər ölüb, 400 nəfər yaralanıb
Çində güclü partlayış baş verib. APA TV-nin məlumatına görə, Tyantsin sənaye şəhərində təhlükəli maddələr anbarındakı partlayış nəticəsində azı 17 nəfər ölüb.
Çin mətbuatı xəbər verir ki, hadisə nəticəsində azı 400 nəfər yaralanıb. Onlardan 32 nəfərin vəziyyəti ağırdır. Adamlar partlayışın özündən yox, partlayış dalğasının sındırdığı şüşələrin qırıqlarından xəsarət alıblar.
Anbarda başlayan yanğını saatlarla söndürmək mümkün olmayıb. Təhlükəli maddələr yandığından, yanğınsöndürənlər sudan istifadə edə bilməyiblər. Ona görə də alovun qarşısının alınması üçün qumdan istifadə edilib, bu isə prosesi ləngidib. Partlayış bölgəsindəki yanacaqdoldurma məntəqələri təhlükəsizlik məqsədilə bağlanıb.
Partlayış nəticəsində azı bir bina uçub, daha onlarla binaya ziyan dəyib. Xilasedicilər dağıntılar altında qalan insanları çıxarmağa çalışırlar.
Partlayış o qədər güclü olub ki, onu yerli seysmoloji stansiya da qeydə alıb. Partlayış qonşu Hebey əyalətinin bir sıra rayonlarında da hiss olunub.