Türkiyədə koalisiya hökuməti bu gün elan edilə bilər
Bu gün Türkiyədə yeni hökumətin qurulması ilə bağlı tarixi görüş keçiriləcək. APA TV-nin məlumatına görə, baş nazir Əhməd Davudoğlu və Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlu arasında keçiriləcək görüşdə koalisiya ilə bağlı yekun müzakirələr aparılacaq.
Ötən gün hər iki partiyada son müzakirələr olub. Ədalət və İnkişaf Partiyası Mərkəzi İdarə Heyətinin Əhməd Davudoğlunun sədrliyi ilə keçirilən toplantısı 5 saat 40 dəqiqə davam edib. Toplantıdan sonra partiyanın sözçüsü Bəşir Atalay mətbuat konfransı keçirib. O, bildirib ki, AKP CHP ilə danışıqları Türkiyə üçün böyük qazanc hesab edir.
Bəşir Atalay qeyd edib ki, son toplantıda hökumət qurulması ilə bağlı bütün variantlar müzakirə edilib.
Cümhuriyyət Xalq Partiyasının parlament fraksiyasında da koalisiya müzakirələri aparılıb. Parlament binasında yox, partiyanın qərargahında keçirilən toplantı mətbuat üçün qapalı olub.
Qeyd edək ki, Əhməd Davudoğlu və Kamal Kılıçdaroğlu arasında son görüş avqustun 10-da keçirilmişdi.