Qəbələdə Dünya Kuboku: çinlilər birinci yerdədir

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, avqustun 12-də kişilər arasında tapançadan 25 metr məsafəyə sürətli atəş açma yarışları keçirilib. Yarışın final mərhələsində ABŞ, Çin, Fransa, Koreya və Hindistandan 6 idmançı iştirak edib. Azərbaycan idmançısı Ruslan Lunev yarışda uğurla iştirak etsə də, finala çıxa bilməyib. O, 7-ci yeri tutub. Çin idmançısı Haozhe Hu rəqiblərini üstələyərək 32 xalla birinci yeri tutub. O, komandasına 4-cü qızıl medalı qazandırıb. Jiajie Lao (Çin) 30 xalla ikinci, Boris Artaud (Fransa) 25 xalla üçüncü yeri tutub. Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.

 

Hazırda Çin idmançıları 7 medalla Dünya Kuboku yarışlarında birinci yerdədir. Çinlilər 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.

 

Qeyd edək ki, 5 gündür keçirilən atıcılıq yarışlarında indiyədək 18 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

 

Müəllif | Apa.Tv
Elvin Yaqubov