Nazir müavini İrəvana gedəcək

Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bu həftə İrəvana səfər edəcək. Bu barədə jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev məlumat verdi. Onun sözlərinə görə, səfərdə məqsəd sentyabrın 12-13-də İrəvanda keçiriləcək “Şərq Tərəfdaşlığı” ölkələrinin XİN rəhbərlərinin 3-cü qeyri-formal iclasında iştirak etməkdir. İclas “Şərq Tərəfdaşlığı” Proqramının noyabrda Vilnüsdə keçiriləcək sammitinə son hazırlıq yığıncağı olacaq.

 

Nazirlik rəsmisi bildirdi ki, toplantıda Azərbaycanın Avropa Birliyindəki səfiri Fuad İskəndərov da iştirak edəcək. Elman Abdullayev Danimarkadan olan deputatların və jurnalistlərin Azərbaycanın işğal altındakı ərazilərinə səfəri ilə bağlı məsələyə  münasibət bildirərək Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən məsələnin araşdırıldığını dedi. Onun sözlərinə görə, Azərbaycanın Londondakı səfirliyinə tapşırıq verilib və araşdırmanın yekununda müvafiq qərar qəbul olunacaq. Lakin o Dağlıq Qarabağa səfər edən insanların əslində aldadılaraq aparıldığını vurğuladı.

 

Nazirlik sözçüsü həmçinin qeyd etdi ki, işğal olunmuş ərazilərə səfər edən şəxslərlə bağlı Azərbaycanın qara siyahısı əbədi deyil və səhvini anlayaraq müraciət edən hər bir şəxs bu siyahıdan çıxarıla bilər.

 

Müəllif | Apa.Tv