Hasar deyil, Xəzər görmək arzusu - XÜSUSİ REPORTAJ
Xəzərdə sahil zolağının hasarlanması probleminin yaşı mənim yaşımdan az deyil. Hər yay mövsümündə gündəmə gələn bu problem bir neçə dəfə millət vəkilləri tərəfindən də müzakirə edilib. Lakin müzakirələr artdıqca, hasarlanan ərazilərin sayı da artıb. Ötən illər ərzində Xəzər sahilində demək olar ki, hasara alınmamış ərazi qalmayıb. Hasarlar artdıqca, sahil zolağına daxil olmaq üçün pullu xidmətlərin sayı da artıb. Artıq bəzi istirahət məkanlarında hasara alınmış çimərlik ərazisinə təkcə avtomobillərin deyil, insanların da daxil olması pul tələb olunur. Məsələn, 4 nəfərlik ailə təkcə dənizə girmək üçün ən azı 20 manat ödəməlidir.
“Adambaşı giriş 5 manatdır. Bu qiymətə stol, stul, çətir daxildir. Çox bahadır. Bir gün dənizdə dincəlmək üçün yemək və yol xərcləri ilə birlikdə 70-80 manat pul lazımdır”.
“Çimərliklərdə şəhərdə olduğu kimi içməli su kranları yoxdur. Yayda çimərliyə gələn hər kəs suyu pulla almalı olur. Biri bura uşaqları ilə gəlir, bəlkə su almağa pulu yoxdur?”
Çimərlikdə ilk baryeri pul ödəyərək aşırsan, amma iş bununla bitmir. Dəniz sahilinə çatana kimi əlin cibində olmalıdır. Çətir və masa üçün 10 manat, duş üçün 1 manat, soyunma otağından istifadə üçün 1-2 manat, şezlonq üçün 3-5 manat, skuterdən istifadə üçün 10-20 manat ödəməlisən. Bu siyahıya çay, sərin sular və yeməyi də əlavə etsək, məbləğ 30-35 manat artır.
Çimərlik zolağında pullu xidmətin olması bir başqa mövzudur. Bu gün əhalini narahat edən əsas məsələ sadə vətəndaşların dənizə sadəcə çimmək üçün daxil olmaq imkanının məhdudlaşdırılmasıdır. Məsələn, adi vətəndaş heç bir xidmətdən istifadə etmədən dənizə girmək istəyir. Əvvəlki illərdə bu mümkün olsa da, indi mümkün deyil. Çünki, işbazlar artıq sahil zolağını belə çəpərləməyə macal tapıblar.
Vəkil Ramiz Zeynalov deyir ki, Xəzər sahili boyunca tikinti işləri qanunauyğun şəkildə aparılmalıdır. Onun sözlərinə görə, bəzi işbazlar Xəzərdə kiçik süni adalar yaratmaqla dənizin ölçüsünü dəyişdiriblər.
“Birincisi, hamı bilməlidir ki, Xəzər dənizinin hövzəsi Azərbaycan xalqına məxsusdur. Bu, təbii sərvətdir. Uzaqgörən siyasət aparan Heydər Əliyev 20 il bundan qabaq Xəzərin hasarlanmasının, zəbt olunmasının qarşısını almaq üçün sərəncam imzalayıb, 150-200 metrlik zolaq müəyyənləşib. Bu, müqəddəs zolaqdır və bu zolağa heç kim müdaxilə edə bilməz. Təəssüflə qeyd etmək istəyirəm ki, bəzi adamlar bu sərəncama əhəmiyyət verməyərək həmin zolağı zəbt edərək Xəzəri hasarlamağa başlayıb. Xəzər boyu sahili bağlayaraq özləri üçün pul qazanmağa başlayıblar”.
2008-ci ildə Torpaq Məcəlləsinə edilən dəyişikliyə əsasən, 80-130 metrlik zolaqlar bir qədər qısaldılıb. Mövcud qanunvericiliyə əsasən, Xəzər boyunca 20-50 metrlik zolağının altında olan torpaq sahələri dövlətin mülkiyyətində qalmaqla özəlləşdirilə bilməz və yalnız müvafiq icra hakimiyyəti orqanının qərarı ilə istifadəyə və icarəyə verilə bilər. 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti hasarlana bilər.
Ramiz Zeynalov biz maraqlı bir tarixçəni danışır. Onun sözlərinə görə, çimərlik ərazisindəki bu qayalıqları Heydər Əliyev dünya şöhrətli müğənni Müslüm Maqomayevə bağışlayıbmış. Maqomayevin demək olar ki, bütün televiziya çəkilişləri bu məkanda aparılıb.
“Müslüm Maqomayev bu qayalıqlara, torpağa o qədər vurğun idi ki, mənzərə korlanmasın deyə bu müddət ərzində ərazidə heç bir tikinti işi gördürməyib. Buzovnanın bir bələdiyyə sədri var idi, Rahib Rzayev. O, həmin qayalıqların üstünü betonladı. Sonradan hansısa dövlət orqanının müdaxiləsindən sonra iş dayandırıldı”.
Böyük sənətkar Müslim Maqomayev bu qayalıqlardan yalnız istirahət məqsədi ilə istifadə edirmiş. Sonradan isə bəzi işbazlar buranı şəxsi mülkiyyətə çevirərək qayalıqların üzərində restoranlar, kafelər tikiblər.
Qanunsuz inşa edilən bu tiklilər hələ də qayalar üzərində qalmaqdadır. Müsahibimiz deyir ki dənizə girişin pullu olması bir neçə dəfə vətəndaşla mühafizəçi arasında mübahisələrə səbəb olub.
“Keçən il qəsəbə sakinlərinin birindən əraziyə giriş üçün bir manat pul istəyiblər, vermədikdə isə onu döyüblər. Məsələ o həddə çatmışdı ki, döyülən şəxs xəstəxanaya yerləşdirilmişdi”.
Hüquqşünas bildirir ki, qanunsuz olaraq satılan ərazilərlə bağlı sərəncamların ləğv olunması üçün məhkəmə iddiası qaldırılmalıdır. Bu, həm də çimərliklərdən istifadə edən vətəndaşların arzusudur.
“Mən istəyərdim açıqlıq olsun, qoy camaat sərbəst gəzsin. Nəyə lazımdır hasar, düzgün deyil axı”.
“Mənə elə gəlir ki, dəniz bu millətin, xalqındır. Ona görə də sahil xəttini hasarlamaq yaramaz. Bəzi yerlər var ki, maşınları saxlamaq, əhalinin girişi pulladır. Belə olmaz. Çünki xalqın malı xalqa məxsusdur”.
Təbii sərvətimiz olan dənizdən istifadə etmək sadə vətəndaşlar üçün əlçatmaz olub. Bu səbəbdən insanlar nəzarət edilməyən, çimmək üçün əlverişli olmayan ərazilərdə dənizə girməyə məcbur olur. Bəli, məhz məcbur olur, sahil hasarlanmasa, çimərliyə giriş pullu olmasa, kim canından keçərək çirkli, qeyri-qanuni çimərliklərdə çimib həyatına qəsd edər? Nəticə isə göz qabağındadır - bu il onlarla insan dənizdə batıb. Hər gün bu hasarları görən insanlar bir gün hasar yerinə Xəzəri görməyi arzulayırlar. Biz də ümid edirik ki, Xəzər nə vaxtsa işbazlardan alınaraq insanlara geri qaytarılacaq.