Bu il ali məktəblərdə 6 min 555 yer boş qaldı
Bu il dövlət və özəl ali təhsil müəssisələrinə ümumilikdə 6 min 555 yer boş qalıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, həmin yerlərin siyahısı abituriyentlərə təqdim ediləcək.
"Həmin yerlərin siyahısı çap olunmaq üçün artıq "Abituriyent" jurnalının 8-ci sayında axşam saatlarında təqdim ediləcək. Birinci mərhələ üzrə qəbul planı 83, yəni 12 faiz dolub, 32276 nəfər tələbə adını qazanıb. Həmin şəxslərdən 27 541 nəfəri orta məktəbi 2015-ci ildə bitirən məzunlardır".
Bu mərhələdə 11 illik təhsil bazasında kolleclərə qəbul prosesi həyata keçiriləcək.
"Bu ildən etibarən kolleclərə qəbul prosesi buraxılış imtahanı əsasında həyata keçirilir. Müsabiqədə iştirak etmək hüququna malik olanlar avqustun 14-dən 19-dək kolleclərin ixtisaslarını seçə bilərlər. Eyni ərizə formasında həm ali təhsil müəssisələrinin boş qalan yerlərini, həm də orta ixtisas məktəblərinin ixtisaslarını göstərmək mümkündür".
Komissiyadan o da bildirilib ki, 700 bal toplayan 16 abituriyentdən 5 nəfəri "ADA" Universitetini, 3 nəfər Ali Neft Məktəbi, 3 nəfər Qafqaz Universiteti, 2 nəfər Dövlət İdarəçilik Akademiyası, 2 nəfər Tibb Universiteti, 1 nəfər Bakı Dövlət Universitetini seçib.
Qəbul olan abituriyentlərin ali təhsil müəssisələrinə qeydiyyatı avqustun 14-dən başlayır. Proses avqustun 24-dək davam edəcək. Bu müddət ərzində qeydiyyatdan keçməmək qaydalara uyğun olaraq həmin şəxsin müvafiq ixtisasa yerləşdirilməsindən imtina kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.