Yunan sərhədçilərin vəhşiliyi: suriyalı qaçqınların qayığı dənizdə batırıldı - REAL GÖRÜNTÜ
Yunan Sahil Mühafizə Xidməti Egey dənizində insanlığa qarşı cinayət törədiblər. APA TV-nin məlumatına görə, yunanlar içərisində suriyalı qaçqınların olduğu rezin qayığı deşərək onları ölümün qucağına atıblar. Hadisə həmin an yaxınlıqda olan türk balıqçı gəmisinin heyət üzvləri tərəfindən anbaan lentə alınıb.
Qeyd edək ki, son vaxtlar Türkiyəyə sığınan suriyalılar Yunanıstana, oradan isə Avropaya keçmək üçün İzmirə gəlirlər. Qaçqınlar İzmirdən Egey dənizindəki yunan adalarına keçməklə Avropaya getməyə çalışırlar.
Egey dənizini kiçik rezin qayıqlarla keçməyə çalışan suriyalıların qayıqlarının Yunan Sahil Mühafizə Xidmətinin əsgərləri tərəfindən partladıldığı, qaçqınların ölümlə üz-üzə qaldığı barədə xəbərlər yayılsa da, ilk dəfə olaraq bu vəhşiliyi lentə almaq mümkün olub.
Balıqçıların çəkdiyi kadrlarda İzmirin Qaraburun adası yaxınlığına aralarında qadın və uşaqların da olduğu 50-yə qədər suriyalı qaçqının Yunanıstanın Saqqız adasına keçmək istədiyi görünür. Bu zaman qayığa yaxınlaşan yunan sahil mühafizəçiləri suriyalılara geri qayıtmağı təklif edir. Qaçqınların etirazından sonra yunanlar suriyalıların rezin qayıqlarını deşir və sürətlə ərazidən uzaqlaşırlar.
Hadisəni qeydə alan türk balıqçılar dənizin ortasında ölümlə mübarizə aparan suriyalıların bir qismini xilas etməyə müvəffəq olub. Gəmiyə mümkün qədər çox qaçqın götürən türk balıqçılar sonradan geri qayıdaraq qayıqdakı körpə uşaqları da götürürlər.