Gəncədə regional dini konfrans keçirilib

Gəncədə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ölkənin qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri və ilahiyyatçıların iştirakı ilə “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda regional konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Gəncə şəhərində Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov regional konfransın əsas məqsədinin dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması olduğunu diqqətə çatdırıb.

 

Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev respublikanın hər yerində olduğu kimi, Gəncədə də milli-mənəvi dəyərlərə yüksək dəyər verildiyini söyləyib.

 

Millət vəkilləri Qənirə Paşayeva, Asəf Hacıyev çıxışlarında Azərbaycanda din sahəsində maarifləndirmə prosesinin müasir tələblərə uyğunlaşdırılmasında bu cür konfransların mütəmadi keçirilməsinin zəruriliyindən söz açıblar.

 

Yerli din xadimləri və dindarlar bildiriblər ki, dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, onların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir.

Müəllif | Apa.Tv
Azər Məmmədli