Leyla və Arif Yunusa hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesində hökm elan olunub. APA TV-nin məlumatına görə, məhkəmənin hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək, Leyla Yunusun 11 il, Arif Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
O, həmçinin Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş edib.
Hər iki şəxs barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib. Hazırda məhkəməyə göndərilən cinayət işi dələduzluq və digər cinayət işləri ilə bağlıdır.