Qax sakininin evi əşyaları ilə birlikdə külə döndü
Qaxda fərdi yaşayış evi içindəki əşyalarla birlikdə yanıb. APA TV-nin məlumatına görə, yanğın Qax rayonu, Güllük kəndində qeydə alınıb. Hadisə kənd sakini 53 yaşlı Ramazan Verdiyevə məxsus 3 otaq və 1 mətbəxdən ibarət birmərtəbəli, ümumi sahəsi 160 kvadratmetr olan fərdi yaşayış evində baş verib.
Yanğın baş verən əraziyə FHN-nin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən 2, Zaqatala rayon DYMH-dən isə bir yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğınsöndürənlərin səyinə baxmayaraq evin yanar konstruksiyaları və içərisindəki əşyalar yanaraq külə dönüb.
Ev sahibinin sözlərinə görə, yanğına elektrik naqillərində olan qısaqapanma səbəb olub.
Faktla bağlı FHN-nin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.