Türkiyədə koalisiya qurulmadı: növbədənkənar seçkilər keçiriləcək

Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu arasında koalisiya hökumətinin qurulmasına dair növbəti görüş başa çatıb. APA TV-nin  xəbərinə görə, görüş 1,5 saat davam edib.

 

Baş nazir Əhməd Davudoğlu görüşdən sonra mətbuata açıqlama verib. O deyib ki,  CHP uzunmüddətli hökumət qurmağı istəsə də, AKP buna razılaşmayıb. Davudoğlu bildirib  ki, müzakirələri davam etdirmək niyyətindədirlər, ancaq indiki halda birlikdə hökumət qurmaqla bağlı razılığa gələ bilməyiblər. Baş nazirin sözlərinə görə, bu qərarı alarkən hər iki partiya seçicilərinin gözləntilərini də nəzərə alıblar. Davutoğlunun sözlərinə görə, indiki mənzərə onu deməyə əsas verir ki, növbədənkənar seçkilərə getmək qaçılmaz və yeganə variantdır.

 

Baş nazir bildirib ki, erkən seçkiyə getmək üçün avqustun 23-ə qədər siyasi partiya liderləri qərar qəbul etməlidir.

 

Davudoğlu deyib ki, Kılıçdaroğlu ilə görüşdən sonra əldə olunan nəticələrlə bağlı prezident Ərdoğana da məlumat verib. Onun sözlərinə görə, MHP sədri Dövlət Baxçalı ilə görüşdən sonra erkən seçkinin ən yaxın tarixdə keçirilməsi ilə bağlı qərar qəbul edəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv