Tütək səsi - REPORTAJ
Hərdən küçədən tütək səsi gəlir. İnsanı əzən isti havaların, küçələrdəki sıxlığın, motor və siqnal səslərinin başağrıdan ahəngində tütək səsi cana məlhəm kimi yayılır. Çox zaman bu səsin hansısa radiodan, yaxud CD çalardan gəldiyini düşünürsən, elə çox zaman da belə olur. Amma bəzən gümanımızda yanılırıq. Bu dəfə olduğu kimi.
Bu oğlanın adı Şamildir. Tütək çalmaq onun üçün hobbidir. Hələ uşaqlıqdan tütəkdə ifa etməyə həvəsi olub. Elə qarıdan yonub düzəltdiyi tütəyi üfürə-üfürə sonda ifa etmək öyrənib. Deyir ki, bu alətdə ifa etməyi öyrənmək çətindir, insanın ən azı musiqi duyumu olmalıdır. Hər kəsin, xüsusilə uşaqların tütək çalmağı bacarmasını istəyir. Çünki tütək çalmaq təkcə mənəvi zövq deyil, həm də uşaqların ciyərlərinin açılmasında, ağciyər həcminin böyüməsində böyük rol oynayır.
Şamil bu tütəkləri özü düzəldir. Həm də satmaq üçün yox. Tütək çalmağa maraq göstərən uşaqlara paylayır. Dediyinə görə əvvəllər qarğıdan düzəldirmiş, sonra qəlib hazırlayıb, plastik materialı əridərək, qəlibə tökür. Düzdür, səsində fərq var, Şamil deyir ki, qarğı tütəklə plastik tütəyin səsindəki fərqi yalnız peşəkarlar ayıra bilər.
Hobbi gözəl şeydir, amma bu istilərdə, səs-küydə insanın ruhunu dincəldən bu səsdən gözəl heç nə ola bilməz.