Rusiyanın hərbi gəmiləri Bakı buxtasında - VİDEO
Rusiya Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmilərinin, həmçinin “Anatoliy Qujvin” kiçik hidroqrafiya gəmisinin Bakıya rəsmi səfəri başlayıb. APA TV-nin məlumatına görə səfər avqustun 16-dək davam edəcək. Səfər çərçivəsində gəmilərin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Komanda heyəti jurnalistlərə gəmi ilə tanışlıq imkanı yaradıb. Media nümayəndələrinə gəmilərin texniki göstəriciləri-su basımı, gedişin maksimal surəti, hədəfi vurma üstünlükləri, zenit-raket kompleksi haqqında məlumat verilib.
"Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya gəmiləri dənizdə, çaylarda və sahildə döyüş aparılması üçün nəzərdə tutulub. 58 nəfərlik ekipajdan ibarət gəmilərin 30 km-dək məsafədə hədəfləri vura bilən MS-73 tipli reaktiv raket qurğusu var. 80 raket ehtiyatına malik gəmi hədəflərə doğru hər 30 saniyədən bir atəş aça bilir.
Bundan əlavə, gəmilərdə yerləşən A-190 tipli artilleriya qurğusu ehtiyatındakı 200 mərmi ilə 27 km-dək məsafədə hədəfləri məhv edə bilir. Gəmilər həmçinin hava hücumundan müdafiə, radioelektron mübarizə və sualtı obuektləri məhvetmə vasitələri ilə təchiz olunub. Gəmilərdəki GİBKO tipli silah 8 km-dək məsafədə hədəfləri vura bilir. Ümumilikdə gəmilərdə 5 pulemyot yetlərşdirilib. Onlarda 6 lüləli AK-306 silahı 9 km məsafədəki hədəflərə doğru dəqiqədə 1500 güllə ata bilir. “Anatoliy Qujvin” hidroqrafiya gəmisi isə əraziyə dair müxtəlif tipli məlumatları toplamaq üçün nəzərdə tutulub.