Qəbələdə Serbiya və Çin idmançıları Dünya Kuboku yarışlarının qalibi olub
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir. APA TV-nin yerli bürosunun xəbərinə görə, avqustun 14-də kişilər arasında kiçik çaplı tüfəngdən 3 vəziyyətdə 50 metr məsafəyə atəş açma yarışları keçirilib. Yarışın final mərhələsində Çindən 3, Rusiya, Avstriya, Fransa, Belarus və Hindistandan isə 5 idmançı iştirak edib. Çin idmançısı Zicheng Hui 459.8 xalla rəqiblərini üstələyərək birinci yeri tutub. O, komandasına 6-ci qızıl medalı qazandıraraq Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Avstriya idmançısı Aleksandr Şimrl 457.9 xalla ikinci, Çin idmançısı Qinan Zhu 446.8 xalla üçüncü yeri tutub.
Avqustun 14-də daha bir yarış isə qadınlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışları keçirilib. Yarışın final mərhələsində Serbiya, Tayvan, Çin, Rusiya, Ukrayna, Koreya və Fransadan 8 idmançı iştirak edib.
Serbiya idmançısı Zorana Arunoviç 199 xalla Çin idmançısını geridə qoyaraq birinci yeri tutub. Çin idmançısı Yuemei Lin 197.7 xalla ikinci, Tayvan atıcısı Chen Chia Tien (Tayvan) 177.7 xalla üçüncü yeri tutub. Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib.
Qeyd edək ki, hazırda Çin idmançıları 12 medalla Dünya Kuboku yarışlarında birinci yerdədilər. Onlardan 6-ı qızıl, 4-ü gümüş və 2-i bürünc medaldır. Yeddi gündür keçirilən atıcılıq yarışlarında indiyədək 26 idmançı gələn il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.