Avtomobil təhlükəsizlik kamerası olan dirəyə çırpıldı - QƏZA
Ötən gecə paytaxtın Nəsimi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə rayonun Mirəsədulla Mirqasımov küçəsi ilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb. Şəhər sakini Ziya Xəlilov idarə etdiyi minik avtomobili ilə adıçəkilən küçədə hərəkətdə olan zaman, Tahir Mehdiyevin idarə etdiyi nəqliyyat vasitəsi ona çırpılıb. İdarəetməni itirən sürücü yolun hərəkət hissəsindən çıxaraq yol kənarındakı təhlükəsizlik kamerasının quraşdırıldığı dirəyə dəyib. Qəza zamanı avtomobildə olan xanım sərnişin xəsarət alıb. Zərərçəkən əraziyə gələn təcili tibbi yardım maşını ilə 1 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Avtomobilin sürücüsü Ziya Xəlilov isə ayaq nahiyəsindən yüngül xəsarət alıb. Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. İlkin ehtimala görə, qəzaya səbəb kimi avtomobillərdən birinin işıqforun qırmızı işığında keçməsi göstərilir. Qəzanın dəqiq başvermə səbəbi ərazidə yerləşən təhlükəsizlik kamerasına baxıldıqdan sonra bilinəcək.
Qəza nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşüb. Maşınlar evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar. Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.