Gəncədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib
Gəncədə N saylı hərbi hissədə gənc əsgərlərin andiçmə mərasimi keçirilib. APA TV-nın Qərb bürosunun məlumatına görə, bir ay əvvəl ordu sıralarında xidmətə başlayan gənc əsgərlərin andiçmə mərasimində onların doğmaları da iştirak edib. Müdafiə Nazirliyinin Gəncədəki N saylı hərbi hissəsində 2400-dən artıq gənc əsgər hərbi and içib. Şəmkir hərbi birləşməsinin komandiri general-leytenant Rövşən Əkbərov əsgərlərə müdafiə naziri Zakir Həsənovun təbrikini çatdırıb və gənc əsgərlərə Azərbaycan ordusunun gücündən danışaraq Silahlı Qüvvələrimizin günü gündən daha da inkişaf etdiyini bildirib. Hərbi hissə komandiri Allahverdi Hacıyev isə onları hərb işinin sirlərinə diqqətlə yiyələnməyə və andlarına sadiq qalmağa çağırıb. Sonra gənc əsgərlər tribuna önündən təntənəli keçid ediblər. Mərasim kəşfiyyatçı əsgərlərin nümunəvi çıxışları ilə yekunlaşıb.