Qusarda “Toyota” traktora çırpıldı: PARTLAYIŞ
Ötən gün axşam saatlarında Qusar rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yolunun 197-ci kilometrliyində qeydə alınıb. Rusiya vətəndaşı Osmanov Xaliq Yaqub oğlunun idarə etdiyi “Toyota” markalı avtomobil qarşıda hərəkətdə olan Qusar rayon sakini, Əzim Əzimovun idarə etdiyi “T25” markalı traktora çırpılıb. Qəzadan sonra ərazidə partlayış olub və hər iki maşın yanmağa başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Qusar Dövlət Yanğın Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Qəza nəticəsində traktorun sürücüsü müxtəlif bədən xəsarətləri ilə Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada dünyasını dəyişib.
Hadisədən sonra “Toyota”nın sürücüsü hadisə yerindən qaçıb. İlkin ehtimala görə, qəzaya yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.