Şahdağ Milli Parkında yanğın başlayıb

Şahdağ Milli Parkında yanğın başlayıb. APA TV-nin Fövqaladə Hallar Nazirliyinin  (FHN) saytına istinadən verdiyi məlumata görə, İsmayıllı rayonu, Tircan kəndində Şahdağ Milli Parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanır. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi və Aviasiya dəstəsinin 2 helikopteri qeyd edilən yanğının söndürülməsinə cəlb olunub. Hal-hazırda əməliyyat davam edir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) də Şahdağ Milli Parkında baş verən yanğınla bağlı məlumat açıqlayıb. NAzirliyin  mətbuat xidmətindən verilən xəbərə görə, yanğının söndürülməsi üçün dərhal ETSN-in yerli qurumlarının nümayəndələri, Fövqəladə Hallar Nazirliyinin  xüsusi dəstələri, habelə yerli əhali hadisə yerinə cəlb olunub. Yanğının tam söndürülməsi üçün zəruri tədbirlər görülür.
 

Qeyd olunub ki, hava şəraiti küləkli və isti olduğundan yanğın daha geniş ərazini əhatə edib. Bu gün səhər saatlarında yanğın lokallaşdırılıb və tam söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin 2 helikopteri də yanğın ərazisinə cəlb olunub.
 

İlkin ehtimala görə, yanğın meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Yanğının səbəbkarlarının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı Şahdağ Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır.
 

Hazırda ərazidə yanğının tamam söndürülməsi və dəymiş ziyanın miqdarının müəyyən edilməsi ilə bağlı işlər aparılır.
 

ETSN meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələri qorumağa çağırır.

Müəllif | Apa.Tv
Apa.tv