Xersonda Azərbaycan diasporunun liderlərindən biri vəhşicəsinə öldürülüb
Ukraynanın Xerson şəhərində Azərbaycan diasporunun rəhbərlərindən biri vəhşicəsinə qətlə yetirilib. APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, İlham Tağıyev tanınmış iş adamlarından biri olub. Onun meyiti şəxsi avtomobilindən tapılıb. Müəyyən edilib ki, o, qətlə yetirilmədən əvvəl döyülüb, daha sonra onun baş nahiyəsinə küt alətlə üç zərbə endirilib. Qatillər onun cibindən mənzilinin açarlarını götürüb ora gediblər. Evi alt-üst edən quldurların apardığı pul və qızıl-zinət əşyalarının qədəri məlum deyil. İlham Tağıyevin həyat yoldaşı və qızı hazırda Azərbaycandadır, oğlu isə Kiyevdə yaşayır. İlham Tağıyev Ukraynanın ən böyük firmalarından birinin regional rəhbəri olub. İş adamı qətlə yetirildiyi gün şirkətin gəlirlərini toplayıb. Polis bu barədə cinayətkarlara kiminsə məlumat ötürdüyündən şübhələnir. İlham Tağıyevin Xersondakı azərbaycanlılara daim köməklik göstərdiyi bildirilir.