Müslüm Maqomayevin məzarı başında...

Dünyasını 2008-ci ildə dəyişən böyük Azərbaycan müğənnisi Müslüm Maqomayevin anadan olmasının 73 illiyi münasibətilə Fəxri xiyabanda əfsanəvi müğənninin məzarı ziyarət edilib. Müslüm Maqomayevin xanımı, SSRİ xalq artisti Tamara Sinyavskaya, tanınmış ictimai, mədəniyyət və incəsənət xadimləri, böyük müğənninin doğmaları, yaxınları və dostları onun məzarı qarşısına gül dəstələri və əklillər düzüblər.

 

Azərbaycanın xalq artisti, kinorejissor Eldar Quliyev, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov ölkəmizdə vokal sənətin inkişafında Müslüm Maqomayevin əvəzsiz rolundan, unudulmaz ustada ümumxalq məhəbbətindən söz açıblar.

 

Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib ki, Müslüm Maqomayev iki xalqın övladıdır. O, eyni dərəcədə həm Azərbaycana, həm də Rusiyaya məxsus idi, çünki hər iki ölkəni öz Vətəni sayırdı.

 

Tamara Sinyavskaya jurnalistlərə müsahibəsində deyib ki, Müslümün xatirəsi bir an onu tərk etmir:

 

“O, bu sözləri təkrar etməyi sevirdi: “Xatırlayıramsa, yaşayıram”. Mən də eyni sözləri demək istəyirəm. O yaşayır, mənim yaddaşımda, xalqın yaddaşında daim yaşayacaq”.

 

Xatırladaq ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. Müslüm Maqomayevin diskoqrafiyasına 45-dən çox qrammofon valı, habelə 15 kompakt-disk var. 

Müəllif | Apa.Tv
Apa.tv