“Neftçi” məğlub oldu, azarkeşlər futbolçulara hücum etdilər

Topaz Premyer Liqasının II turu ötən axşam keçirilən bir oyunla başa çatıb. APA TV-nin məlumatına görə, turun son oyun günündə ötən mövsümün gümüş mükafatçısı “İnter” “Neftçi”ni qəbul edib.

 

Avroliqada mübarizəni dayandırdıqdan sonra milli çempionata da yaxşı başlaya bilməyən rəqiblər ikinci qarşılaşmada vəziyyəti düzəltmək arzusunda idilər.

 

Oyunun 16-cı dəqiqəsində Xuan Albertonun qırmızı vərəqə alması “Neftçi”ni çətin vəziyyətdə qoyub. Say üstünlüyündən istifadə edən meydan sahibləri fasilə ərəfəsində sabiq "Neftçi"li Denis Silvanın başla vurduğu qol sayəsində hesabı açıb.

 

Sona 11 dəqiqə qalmış İlkin Qırtımovun da meydançadan qovulması ilə futbolçuların sayı bərabərləşib. Lakin "Neftçi"nin son dəqiqələrdəki təzyiqi bir nəticə verməyib və "İnter" ilk qələbəsini qazanıb.

 

Oyundan sonra stadionda insident baş verib. “Neftçi”nin futbolçuları təşəkkür üçün azarkeşlər olan tribunaya doğru gediblər, amma azarkeşlər onlara kəskin reaksiya veriblər. Hətta, bir azarkeş meydançaya girərək futbolçulara hücum çəkib. Polis həmin şəxsi saxlayıb. Azarkeşlər "İstefa!" şüarları səsləndiriblər. Komandanın baş məşqçisi Samir Əliyev bu tələblərə belə münasibət bildirib.

 

"Azarkeşləri qınamıram. Azarkeş komandadan qələbə istəyir. Onlar haqlıdır. Məğlub olmağımıza baxmayaraq, oyundan sonra komandanı yığdım ki, 90 dəqiqə ərzində dəstək olduqlarına görə azarkeşlərə minnətdarlıqlarını bildirsinlər".

 

Qeyd edək ki, "Neftçi" iki oyundan 1 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsindədir. 

Müəllif | Apa.Tv
Apa.tv