Türkiyədə siyasi böhran dərinləşir
Türkiyədə koalisiya ümidləri tükənmək üzrədir. APA TV-nin məlumatına görə, hakim Ədalət və İnkişaf Partiyasının müxalif Cümhuriyyət Xalq (CHP) və Milliyətçi Hərəkat (MHP) partiyaları ilə koalision hökumətin qurulması istiqamətində apardığı danışıqlar uğursuzluqla nəticələnib.
Bundan əvvəl CHP lideri Kamal Kılıçdaroğlu ilə razılığa gələ bilməyən AKP rəhbəri Əhməd Davudoğlu ötən gün MHP lideri Dövlət Baxçalı ilə bir araya gəlib. Görüş 2,5 saat davam edib. Lakin bu görüşdə də nəticə əldə edilməyib. Əhməd Davudoğlu danışıqlardan sonra bildirib ki, Dövlət Baxçalı AKP ilə koalisiyanın mümkünsüzlüyünü bəyan edib. Bununla belə, MHP lideri növbədənkənar seçkinin keçirilməsi ehtimalına da qarşı çıxıb.
MHP lideri Dövlət Baxçalı da yazılı açıqlama ilə çıxış edib. O, bəyan edib ki, AKP onların 4 maddəlik şərtini qəbul etməyib və koalisiya cəhdləri nəticə verməyib. Dövlət Baxçalı bildirib ki, partiyası azlıq hökumətinin qurulması və növbədənkənar seçkilərin keçirilməsini də arzuolunmaz hesab edir.