Lənkəranda toyda qan düşdü: həmkəndlilər bıçaqlaşdı
Lənkəranda toyda bıçaqlanma faktı qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Qrumba kəndi ərazisində qeydə alınıb. Toyda yeyib-içən kənd sakini, 40 yaşlı Səxavət Haqverdiyevlə şəxsiyyəti hələlik açıqlanmayan digər həmyerlisi arasında şəxsi mübahisə davaya çevrilib. Həmyerlilərini ayırmağa cəhd göstərən Qrumba kənd sakini, 31 yaşlı Camal Şəkərov Səxavət Haqverdiyevin əlindəki bıçağa tuş gəlib. Müxtəlif dərəcəli bədən xəsarətləri almış Camal Şəkərov və Səxavət Haqverdiyev ətrafdakıların müdaxiləsi ilə dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən hər iki yaralıya müvafiq tibbi yardım göstərilib, hazırda vəziyyətləri stabildir.
Faktla bağlı rayonun hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar.