Paytaxtda ət kəsimi məntəqələrində vəziyyət necədir? RƏSMİ AÇIQLAMA
"Yay mövsümü başlayandan 40 ət kəsimi məntəqəsi ləğv olunub. İnzibati qaydaları pozduğuna görə məntəqə sahibləri 1500 manat cərimə olunublar". Bunu APA TV-yə müsahibəsində Bakı Şəhər Baytarlıq İdarəsinin müalicəxana rəisi Zahid Nəsibli deyib. Onun sözlərinə görə, Bakıda fəaliyyət göstərən qanunsuz ət kəsimi məntəqələrinə qarşı nəzarət tədbirləri daha da gücləndirilib:
"Hər bir kəsim sexində baytar həkimimiz var. Həmçinin ət kəsim məntəqələrində Bakı Şəhər Baytarlıq İdarəsinin baytar-sanitar ekspertiza laboratoriyaları fəaliyyət göstərir. Bununla da baş verə biləcək neqativ halların qarşısı alınır. Biz bu cür fəaliyyət göstərən obyektlərə qarşı mütəmadi reydlər keçiririk".
Zahid Nəsibli bazarlarda da baytarlıq-sanitariya ekspertiza işlərinin aparılması keyfiyyətinin artırıldığından danışıb. Mal bazarlarında, eləcə də kənd təsərrüfatı məhsulları satılan ticarət mərkəzlərində baytarlıq-sanitariya qaydalarına əməl edilməsi məqsədi ilə nəzarətin gücləndirldiyini deyib. O, hazırda Bakı şəhərində 10 ət kəsimi məntəqəsinin Şəhər Baytarlıq İdarəsinin qeydiyyatında olduğunu qeyd edib.
"Bu gün 10 ət kəsimi məntəqəsinin əhalini ətlə tam təmin etməyə gücü çatır. Yay mövsümü ilə əlaqədar heyvanların həkim nəzarətindən kənar kəsiminə yol verilməməsi, sanitariya qaydalarının gözlənilməsi, ətin müvafiq sənədlərinin olması, birbaşa gün şüalarından qorunması, üstünün örtülməsi, soyuducuda saxlanması və sairə tələblər irəli sürülür".
Baytarlıq İdarəsinin rəsmisi əhalini soyuducuda saxlanmayan, günəş altında satılan ət məhsullarını almamağa çağırıb.