Nuri əl-Maliki: “Türkiyə İŞİD və “Əl-Qaidə”yə dəstək verir”

İraqın sabiq vitse-prezidenti Nuri əl-Maliki Türkiyəni İŞİD terror təşkilatına dəstək verməkdə ittiham edib. APA TV-nin məlumatına görə, əl-Maliki bildirib ki, Suriyada mövcud duruma səbəb İŞİD və “Əl-Qaidə”yə dəstək verən ölkələr, ilk növbədə isə Türkiyə və Səudiyyə Ərəbistanıdır. İranda keçirilən konfransda çıxış edən sabiq vitse-prezident baş verənlərə görə Türkiyə prezidentini suçlayıb. Onun sözlərinə görə, Türkiyə İraq və Suriyada məzhəblər arasında qarşıdurmanı şiddətləndirib, şiələrə yaxın olan istənilən hökumətə qarşı müxalif olub.

 

“Avropa qapılarını Türkiyənin üzünə bağladıqdan sonra, Türkiyə Osmanlı imperiyasını bərpa etmək xəyalları ilə Yaxın Şərqə hücum etdi. Ankaranın İraq və Suriyanın şimalındakı bölgədə gözü var. Şiə milis dəstələri olmasaydı, Türkiyə İraqda niyyətinə çoxdan çatmışdı. Bu milis qüvvələri Türkiyənin planlarını əngəllədi. İŞİD İstanbul və Ankarada qurulmuş bir terror təşkilatıdır”.

 

Qeyd edək ki, hakimiyyətdə olduğu dövrdə Mosulun İŞİD-in nəzarətinə keçməsinə yol verdiyinə görə, Nuri əl-Malikiyə qarşı cinayət işi başlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv