Məktəbli formaları ÖLÇÜSÜNDƏN ASILI OLMAYARAQ vahid qiymətə satılacaq - YENİLİK

"Məktəbli formasının qiyməti ölçülərə görə dəyişirdi. Amma yeni mövsümdə məktəbli formalarının qiymətində heç bir artım olmayacaq. Əksinə ötən illərə nisbətən 2015-ci ilin yeni tədris ilində qiymət düşüb. Belə ki, 1-4 siniflər üçün məktəbli formasının qiyməti 34 manat, yuxarı siniflər üçün isə 43 manatdır" .  Bunu APA TV-yə müsahibəsində "Bakı Tikiş Evi" ASC satış şöbəsinin rəisi Etibar Əzimov deyib.

 

"Aşağı siniflərdə ölçüsündən asılı olmayaraq məktəbli formasının qiyməti 26 ölçüdən 44 ölçüyədək 34 manatdır. Amma əvvəllər 30-35 manat arası dəyişirdi. Yuxarı siniflərdə də 40-45 manat idi, yəni 7-11 siniflərin geyim dəstləri bir qiymətə satılacaq. Yeni dərs ilində məktəbli formasının satışında heç bir qiymət artımı gözlənilmir".

 

Etibar Əzimovun sözlərinə görə, məktəbli formalarının tikilməsinə "Bakı Tikiş Evi" cavabdeh olduğundan onun keyfiyyətində heç bir problem olmur.  Şöbə rəisi müəssisənin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən  verilən sertifikat əsasında, Bakı şəhəri üzrə vahid məktəbli geyimi istehsal etdiyini söyləyib. Etibar Əzimov bildirib ki, bununla belə müəssisənin Abşeron və Sumqayıt şəhərlərində də satış nöqtələri fəaliyyət göstərir və sifarişlər qəbul edilir. Satış müdiri qeyd edir ki, onların ən böyük problemləri və narazılıqları bazarlarda satılan saxta formalardandır:

 

"Çində və Bakıda gizli sexlərdə bizim formaların saxtaları satılır. Bakıdakı kiçik sexlər bizə o qədər də problem yaratmır. Çünki onlarda 500, uzağı 600 geyim tikilib satıla bilər. Düzdür, biz onlarla bağlı da rəsmi qurumlara şikayət edib tədbir görülməsini istəyirik. Ancaq xaricdən minlərlə forma çəki ilə gətirilib bazara çıxarılanda bu, bizim üçün əhəmiyyətli itki deməkdir. Həmin sexlərdə tikilən və xaricdən gətirilən formaların satışında bizim adımızdan istifadə edilir. Bunlarla bağlı dəfələrlə Standartlaşdırma Komitəsinə və İqtisadi İnkişaf Nazirliyinə müraciət etmişik. Reydlər də keçirilib, saxta sex də aşkarlanıb. Ancaq nəticə o qədər də dəyişmir”.

 

Etibar Əzimovun sözlərinə görə, əhalinin rahatlığı üçün BTE-nin satış məntəqələrinin sayı da artırılıb. "Saxta məktəbli formaları istehsal edən müəssisələrin yerinin müəyyən olunması istiqamətində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti əməkdaşları araşdırmalar aparır".

 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı bildirib ki, yaxın günlərdə "Bakı Tikiş Evi"nin əmtəə nişanından qeyri-qanuni şəkildə istifadə edərək məktəbli forması istehsal edən müəssisələrin aşkar edilməsi bağlı məlumat geniş ictimaiyyətə açıqlanacaq.

 

Komitə rəsmisinin sözlərinə görə, saxta məktəbli formaları əsasən Qaradağ rayonunda yerləşən iri ticarət məntəqələrində və paytaxtın müxtəlif yerlərində satılır: "Amma biz saxta məktəbli formasının satış yerindən daha çox onu istehsal edən müəssisələrin mənbəyini araşdırırıq".

 

Fazil Talıblı qeyd edib ki, hazırda "Bakı Tikiş Evi"nin fəaliyyəti qanunvericiliyə uyğun olaraq tənzimlənir: "Uyğunluq sertifikatlarının dövlət reyestrindən əldə etdiyimiz məlumata görə, "Bakı Tikiş Evi"nin məhsullarının keyfiyyəti və təhlükəsizliyi sertifikatlaşdırılıb. Qeyd edim ki, sertifikatı biz vermirik".  

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı