"Sədri", "Həsəni", "Xan": Astarada çəltik biçini başladı

Astara rayonunun çəltik plantasiyalarında biçin kampaniyasına başlanılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, havaların əlverişli keçməsi, həmçinin bitkilərə düzgün aqrotexniki qulluğun göstərilməsi çəltikçiliklə məşğul olan fermerlərə məhsulu sahələrdən vaxtında və itkisiz yığmağa şərait yaradıb.

 

Əlverişli hava şəraiti həm də məhsuldarlığın artmasına səbəb olub. Ötən il rayonda hər hektardan 42-45 sentner məhsul götürüldüyü halda, cari ildə bu rəqəmin  20 faiz artacağı proqnozlaşdırılır. Fermerlər bunu təsdiq edirlər: "Biz əsasən "Haşımi", "Sədri", "Həsəni", "Xan" düyü sortlarından əkmişik. Məhsuldarlıqda da 30-40 faiz artım var. Keçən il çox az idi. Çünki havalar bu il yağmurlu keçdi.  Amma keçən il quraqlıq səbəbindən məhsuldarlıq aşağı oldu".

 

Bu il istər çəltik plantasiyalarının suvarılmasında, istərsə də biçin vaxtı astaralı fermerlər ciddi çətinliklərlə üzləşməsələr də,  texnika ilə bağlı problemlər hələ də həllini gözləməkdədir. Havalar quraq keçdiyindən çəltik biçini təkərli kombaynlar vasitəsi ilə həyata keçirilir. Amma yağışların başlayacağı təqdirdə, təkərli kombaynların plantasiyalarda hərəkət etməsi mümkün olmayacaq.

 

"Bizim tırtıllı kombaynlara böyük ehtiyacımız var. Məsələn, qonşu ölkələrdə çəltik biçini zamanı tırtıllı kombaynlardan istifadə olunur. Belə kombaynlar yağışlı havada da öz işini görəcək. İndi quraqlıqdır, təkərli kombaynlar rahat işləyə bilir. Amma kim deyə bilər ki, gələn il havalar necə keçəcək? Əgər yağışlar başlasa, məhsul sahələrdə qalacaq, zəhmətimiz bada gedəcək".

 

"Bu il irəliləyiş var, bir salxım üzərində təqribən 35-40 ədəd çəltik dənəsi var, bu isə o deməkdir ki, hektara biz 35-40 sentner məhsul əldə edə bilərik".

 

Astaralı əkinçilər çəltik biçildikdən sonra məhsulu yerə sərərək günəşin istisində qurudurlar. Daha sonra isə təmizləmək üçün onu dəyirmana aparırlar.

 

"20 ildən çoxdur ki, biz bu sahə ilə məşğuluq. Məhsuldarlığımız da ildən-ilə artır. Ötən əsrin 90-cı illərində də yüksək məhsuldarlıq əldə edərdik. Bu il də həmin nəticəni əldə etdik. Alıcı sarıdan da heç bir problemimiz yoxdur. Bakı şəhərində, respublikanın ayrı-ayrı rayonlarında, hətta Rusiyada belə müştərilərimiz var". 

 

Bu il Astara rayonunda 75 hektar sahədə çəltik yetişdirilib. Biçin prosesinin avqustun sonunadək tam başa çatdırılacağı nəzərdə tutulub.

 

 

Müəllif | Apa.Tv