Gəncədə MSK-nın Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində treninq keçirilib

Gəncədə Mərkəzi Seçki Komissiyası Avropa İttifaqı ilə birgə layihə çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da gücləndirilməsinə dair növbəti treninq keçirilib. APA-TV-nın Qərb bürosunun verdiyi məlumata görə, treninqdə 22 dairə seçki komissiyasının məsul şəxsləri, Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov və Avropa İttifaqının eksperti Kristofer Şildz iştirak edib.

 

Milli Məclisə seçkilərlə əlaqədar MSK-nın Avropa İttifaqı ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən treninqlərin mühüm əhəmiyyət daşıdığı və bu kimi tədbirlərin aşağı seçki komissiyaları üzvlərinin daha da maarifləndirilməsində xüsusi rol oynadığı vurğulanıb. Sonra beynəlxalq ekspert və MSK üzvü tərəfindən parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı müxtəlif mövzularda təqdimatlar aparılıb. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqdə mövzularla bağlı ətraflı məlumat verilib, müzakirələr edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

 

Treninq avqustun 19-dək davam edəcək. Treninqlərdə ölkə üzrə 125 seçki dairəsinin dairə seçki komissiyalarının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 aşağı seçki komissiyası rəsmisi iştirak edəcək. 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli