Davudoğlu hökumət qurmaq səlahiyyətini prezident Ərdoğana təhvil verdi
Türkiyənin baş naziri və Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlu hökumət qurmaq səlahiyyətini Rəcəb Tayyib Ərdoğana təhvil verib.
APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, prezident sarayında 1 saat 25 dəqiqə davam edən görüş mətbuata qapalı keçirilib.
Görüşdən sonra rəsmi məlumat yayılıb. Məlumatda deyilir ki, Əhməd Davudoğlu prezidentə bütün səylərinə rəğmən etibarlı hökumət qurma imkanını tapmadığını bəyan edib. Prezident Davudoğluna gördüyü işlərə görə təşəkkür edib.
Qeyd edək ki, prezident Rəcəb Tayyib Ərdoğan yeni hökuməti qurmağı iyunun 9-da keçirilən parlament seçkilərindən sonra Əhməd Davudoğluna tapşırmışdı. Davudoğlu hökuməti qurmaq üçün Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyası (MHP) liderləri ilə görüşlər keçirsə də bu, heç bir nəticə vermədi.
Xatırladaq ki, iyunun 7-də Türkiyədə parlament seçkisi keçirilib. Parlamentə girməyə müvəffəq olan 4 siyasi partiyanın heç biri tək başına hökumət quracaq qədər millət vəkili əldə etməyib.