Rusiyada çalışan azərbaycanlı bacısının toyu günü öldü - BƏDBƏXT HADİSƏ

Cəlilabad rayon sakini Rusiyada bədbəxt hadisə nəticəsində ölüb. Bu barədə APA TV-nin cənub bürosuna mərhumun qohumları məlumat verib. Rayonun İnili kənd sakini, 1976-cı il təvəllüdlü  Adış Alış oğlu Mahmudov bir müddət öncə qazanc məqsədilə Rusiya Federasiyasına gedib. Orada fərdi evlərin birinin tikintisində çalışan Adışın əlindəki  dəmir parçası ehtiyatsızlıq səbəbindən yüksək gərginlikli elektrik xəttinə toxunub və o, hadisə yerindəcə dünyasını dəyişib. Hadisə baş verən gün  Adış Mahmudovun bacısının kənddə toyu olub. Ailə isə onun faciəvi ölümündən yalnız  bir neçə gün sonra xəbər tutub. Qeyd edək ki, Adış Mahmudovun meyiti Azərbaycana gətirilib və doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

 

Müəllif | Apa.Tv