Anasının gözü qarşısında özünü güllələdi - İNTİHAR
Ağdaş rayonunda intihar hadisəsi qeydə alınıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə dünən günorta saatlarında rayonun Yenicə kəndində qeydə alınıb. Kənd sakini, 35 yaşlı Qurban Mirzəquliyev özünə məxsus ov tüfəngi ilə sinəsinə atəş açaraq özünü yaralayıb. Ürək nahiyəsindən güllə yarası alan Qurban Mirzəquliyev təcili və təxirəsalınmaz tibbi yardım stansiyasının avtomobili ilə Ağdaş Mərkəzi rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb.
Sonradan vəziyyəti ağırlaşdığı üçün yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. İlkin məlumata görə, subay olan 35 yaşlı Qurban Mirzəquliyev spirtli içki aludəçisi olub. O, içkili vəziyyətdə anasının gözü qarşısında özünə qəsd edib. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.