Dolmabaxça sarayını atəşə tutan terrorçular ələ keçdi
Türkiyənin İstanbul şəhərində, Dolmabaxça sarayını mühafizə edən polis əməkdaşlarına hücum edən iki terrorçu saxlanılıb. APA TV-nin məlumatına görə, terrorçular hadisə yerindən qaçmağa çalışarkən ələ keçiblər.
Avtomat, tapança və üç qumbara ilə silahlanmış iki nəfər əvvəlcə növbətçi qülləsinə doğru qumbara atıb. Lakin qumbara partlamayıb. Bunun ardınca terrorçular polis məntəqəsini gülləbaran etməyə başlayıblar. Polis əməkdaşları cavab atəşi açıblar. Bir neçə dəqiqəlik atışmadan sonra terrorçular qaçmaq istəyiblər. Lakin onlar buna nail ola bilməyiblər və yaxınlıqdakı Almaniya konsulluğunun qarşısında polis əməkdaşları tərəfindən zərərsizləşdiriliblər.
İlkin araşdırmalar zamanı məlum olub ki, saxlanılanlar DHKP-C terror təşkilatının üzvləridir. Onların avqustun 8-də Ədalət və İnkişaf Partiyası yerli təşkilatının qərargahına hücumda iştirak etdiyi bildirilir.
Bundan başqa, tutulan terrorçuların əvvəllər bir neçə dəfə müxtəlif səbəblərdən saxlanıldığı, amma qısa müddət sonra azadlığa buraxıldığı da məlum olub.