Səbaildə usta iki evin divarı arasında pərçimlənərək qalıb
Bakının Səbail rayonu ərazisində, Gülbala Əliyev küçəsi, 49 a ünvanında 55 yaşlı kişi iki fərdi yaşayış evinin daş hasarları arasında sıxışaraq qalıb. Dərhal əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb ediliblər.
Xilasedicilər hadisə yerinə baxış keçirərkən məlum olub ki, 1960-cı il təvəllüdlü Əkrəm Hacıyev sərxoş vəziyyətdə tikinti işləri ilə məşğul olurmuş. Bu zaman o, yaşayış evlərinin arasında eni 20 - 40 sm olan iki divar arasına düşüb və köməksiz vəziyyətdə qalıb. Xilasedicilər xüsusi texnikadan istifadə edərək iki divar arasındakı məsafəni genişləndirib. Bundan sonra 55 yaşlı kişi xilas edilib. Hadisə yerinə təcili tibbi yardım briqadası da cəlb edilib. Tibbi yardım göstərildikdən sonra Əkrəm Hacıyev evə buraxılıb.