Xəzərin qızılı qumu ilə insanlara mesaj verən həvəskar - QUM SƏNƏTİ

İsti yay günlərində sərinləmək üçün ilk üz tutduğumuz məkan dənizdir. Ancaq təbii ki, burada vaxtımızı təkcə suda keçirmirik. Çimərlik ərazisində əhaliyə müxtəlif pullu xidmətlər təklif edilir. Bura skuter sürmək, at və dəvə ilə gəzinti daxildir. Kimi bu xidmətdən istifadə edərək vaxtını əyləncəli keçirir, kimi özünü günəşə verib dərisinin rəngini qaraldır, kimi ayaqlarını quma basdırıb müalicə alır, kimi isə fotosessiya etdirir.

 

Telman da yay aylarında vaxtını dənizdə keçirir. Ancaq başqalarından fərqli olaraq o, əyləncəsini saatlarla qumdan heykəllər düzəltməyə sərf edir. Müxtəlif formalı, qeyri-adi qum heykəllər ətrafdakıların da marağına səbəb olur.

 

Telman deyir ki, bu işlə sadəcə maraq, əsəblərini sakitləşmək üçün məşğul olur.
 

"Mən həvəskaram, oxumamışam, bu, həvəsdən irəli gələn bir şeydir. Bir-iki il olar ki, qumdan heykəllər düzəldirəm".

 

Onun düzəltdiyi heykəllər daha çox uşaqların diqqətini cəlb edir.
 

"Müxtəlif personajlar olub. Cizgi filmi qəhrəmanları, heyvanlar və sair. Bir personaj 4-5 saat vaxt istəyir. Məsələn bu mələk 4 saat vaxt aparıb".

 

Saatlarla ərsəyə gətirdiyi bu əl işlərinin isə ömrü çox qısadır. Çünki çimərliyə gələnlər tərəfindən asanlıqla uçurulur. Ancaq Telman deyir ki, o, buna görə heç vaxt narahat olmur.
 

"Bunu düzəldərkən nə yaşadım, yaşadım. Sonra laqeyd oluram".

 

Müsahibimiz deyir ki, düzəltdiyi fiqurlar arasında həm də kiçik bir mesaj da vermək istəyir.

 

"Fikirdir, hissdir. Onu yaşadıram, düzəldirəm. Bu fiqurda terrora yox deyilir. İndi bu bütün dünyada çox pis bir şəkil alıb. Mən burda nə mənfəət güdürəm, nə də  incəliklərini öyrənmək istəyirəm".

Qumdan heykəllər dünyanın bir çox dövlətlərində maraqla qarşılanır. Bəzi dövlətlərdə dəniz qırağında festivallar keçirilir. Məsələn, ilk dəfə 1989-cu ildə Kanadada qumdan əl işləri yarışları keçirilib. Ən hündür qum qalası 2007-ci ildə Cənubi Karolinada qurulub. Bu əl işinin hündürlüyü  15,1 metr olub. Bu cür fiqurlar hazırlayarkən qum xüsusi seçilir. Xırdadənəli qum olmalı, tərkibində gil olmamalıdır. Ölçüsü böyük olan fiqurları hazırlayarkən taxtadan istifadə edilir.

"Bəzi ölkələrdə qum festivalları keçirilir, sərgilər yaradılır. Biz də istəyirik Bakıda olsun , iştirak edək. Əlbəttə yaxşı fiqur hazırlamaq üçün texnika lazımdır. Belə olarsa, böyük konstruksiyalar qurmaq olar. Bu tək adamın işi deyil. Şərait olsa, Qız qalası da düzəltmək olar. Bu, da məndən APA TV-yə hədiyyə olsun".

 

Müəllif | Apa.Tv