"Dubay Sevinc" beynəlxalq axtarışa verildi
Azərbaycan insan alverində təqsirləndirilən qadını beynəlxalq axtarışa verib. APA TV-nin "Lent.az"a istinadən verdiyi xəbərə görə, axtarışa verilən Sevinc Xəlilovanın 50 yaşı var. O, Azərbaycan dili ilə yanaşı rus və ərəb dilini də mükəmməl bilir.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanın hüquq mühafizə orqanları insan alverində şübhəli bilinən Qafur Bağırov adlı şəxsi yaxalamışdı. O, istintaqa ifadəsində azərbaycanlı qadınları fahişəliyə cəlb etmək məqsədi ilə Dubaya apardığını etiraf etmişdi və Dubayda bu işlərə Sevinc Xəlilovanın rəhbərlik etdiyini demişdi.
İnsan alverinin qurbanı olmuş qadınlar isə Sevinc Xəlilova və ətrafındakı şəxslər tərəfindən BƏƏ-də fahişəliyə məcbur edildiklərini, sənədlərinin onlar tərəfindən gizlədilməsini və zorakılığa məruz qaldıqlarını bildiriblər.
O da bildirilir ki, Sevinc Xəlilova daimi olaraq Dubayda yaşayır və Azərbaycana gəlmir.