Qazaxıstanda devalvasiya: Valyuta məntəqələri, mağazalar bağlandı
Qazaxıstanın milli valyutası təngə devalvasiyaya uğradıqdan sonra ölkədə valyutadəyişmə məntəqələri bağlanıb. APA TV-nin məlumatına görə, fəaliyyət göstərən məntəqələrdə yalnız rubl satışı həyata keçirilir. Kommersiya bankları da valyuta əməliyyatlarını dayandırıb, bəzi bankların saytları isə bağlanıb. Məişət texnikası satılan mağazaların da bağlı olduğu bildirilir. İnternet-mağazalar da qiymətləri yeni kursa uyğunlaşdırmaq məqsədilə onlayn satışları dayandırıblar. Yerli ekspertlər bu devalvasiyanın əvvəlkilərdən ciddi fərqi olduğunu bildirirlər. Əsas fərq dolların kursunun taleyinin qeyri-məlum olmasıdır. Çünki, yeni qərara əsasən, ölkədə valyuta kurslarını dövlət deyil, bazar müəyyənləşdirəcək. Xatırladaq ki, devalvasiyadan əvvəl 1 ABŞ dolları 200 təngəyə satılırdı, kurs sərbəstləşdikdən sonra dolların kursu 260 təngə olub.