Ağdamda eradan əvvələ dair cəngavər qəbri tapıldı

Ağdamda bizim eradan əvvələ aid cəngavər qəbri tapılıb. Rayonun Mirəşelli kəndi yaxınlığındakı “Palıdlı” nekropolunda aparılan arxeoloji qazıntılar zamanı daha bir neçə qəbir aşkarlanıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Qarabağ arxeoloji ekspedisiyasının rəhbəri, professor Hidayət Cəfərov  APA TV-nin Qarabağ bürosuna bildirib ki, tapılan ən son qəbir bizim eradan əvvəl 11-12-cə əsrə aiddir və arxeoloji materiallara əsasən demək olar ki, burda dəfn olunan şəxs o dövrün döyüşçüsü olub. Eni 2 m, uzunluğu 3,5 metr olan qəbirdə ölü sağ yanı üstə bükülü vəziyyətdə dəfn olunub. Onun belində tunc kəmər, halqalar, kəmərə bərkidilmiş 3 ədəd xəncər var. Xəncərlərin tiyəsi dəmirdən, dəstəyi tuncdandır. Bundan başqa qolunda tuncdan qolbaq, barmağında üzük var. Qəbirdə at başı fiquru, tunc medalyon və hakimiyyət simvolu olan tuncdan toppuzbaşı da aşkar edilib. Skeletin baş, çiyin, diz və ayaq hissələrinin altında 8 ədəd müxtəlif saxsı qab basdırılıb. 

Müəllif | Apa.Tv
Apa.tv